Konstitusiya və publik hüquqAZ
Əməkdaşlıq Etmək Vəzifəsi ilə Özünə Qarşı İfadə Verməmək Hüququ Arasında: Azərbaycan Cinayət Məcəlləsinin 264-cü Maddəsi
Xülasə
Konstitusiya və publik hüquq
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Məcəllə) 264-cü maddəsi təkcə Azərbaycanda deyil, digər dövlətlərdə də özünə qarşı ifadə verməmək hüququ ilə uyğunluğu baxımından dəfələrlə araşdırılmışdır. Bu məqalədə Məcəllənin 264-cü maddəsindən irəli gələn problemlər təhlil edilir və bu problemlərin həlli üçün balanslı yanaşma təklif olunur.

Rəsmi PDF versiyası
Məqalə Hüquq Bloqunda dərc olunduğu kimi — orijinal səhifələri və qeydləri ilə.
Qüvvədə olduğu müddətdə 264-cü maddə həm tətbiqi, həm də Məcəllədəki yeri ilə bağlı suallar doğurmuşdur. Xüsusən, 264-cü maddə özünə qarşı ifadə verməmək hüququnu qoruyan Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 66-cı maddəsi ilə ziddiyyət təşkil edir. Məcəllənin 264-cü maddəsi yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmuş və hadisənin nəticəsində xəsarət və ya ölüm daxil olmaqla ağır nəticələr törətmiş sürücünün yol-nəqliyyat hadisəsi yerindən qaçmasını cinayət əməli hesab edir [1].
Məhz bu səbəbdən 264-cü maddə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən 2004 və 2012-ci illərdə qiymətləndirilmişdir. Yol-nəqliyyat hadisəsi yerini tərk etməyə görə cinayət məsuliyyətinin özünə qarşı ifadə verməmək hüququ ilə uyğunluğuna dair analoji məsələlər Almaniya Federal Konstitusiya Məhkəməsi tərəfindən 1963-cü ildə, Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi tərəfindən isə 2001-ci ildə də araşdırılmışdır. Hər iki halda müvafiq müddəalar konstitusiyaya uyğun hesab edilmişdir. Bu qərarlar məsələnin mübahisəli xarakterini göstərir. Məqalənin məqsədi Məcəllənin 264-cü maddəsinin özlüyündə konstitusiyaya zidd olduğunu göstərmək deyil, onun Konstitusiyanın 66-cı maddəsi işığında necə tətbiq edilməli olduğunu araşdırmaqdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 29.01.2004-cü il tarixli qərarında (bundan sonra – 2004-cü il Qərarı) özünə qarşı ifadə verməmək hüququnun mütləq olmadığını və digər şəxslərin hüquqları və ictimai maraqlarla balanslaşdırılmalı olduğunu qeyd etməklə Məcəllənin 264-cü maddəsinin konstitusiyaya uyğunluğunu təsdiq etmişdir [3]. Bu əsaslandırma Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra – AİHM) O'Halloran və Francis Birləşmiş Krallığa qarşı işi üzrə qərarı ilə də üst-üstə düşür. Həmin işdə AİHM qeyd etmişdir ki, nəqliyyat vasitəsinə könüllü olaraq sahiblik edən və onu idarə edən şəxslər xüsusi tənzimləyici rejimin tərkib hissəsinə çevrilir və üzərlərinə xüsusi öhdəliklər götürürlər; bu öhdəliklərdən biri də yol-nəqliyyat hadisəsi yerini tərk etməməkdir [6]. AİHM bildirmişdir ki, şəxsin hər hansı cinayət barədə məlumat verməyə məcbur edilməsi özünə qarşı ifadə verməmək hüququnun avtomatik olaraq pozulması demək deyil [6]. Bundan əlavə, bu məlumatın ittiham tərəfinə kömək edə bilməsi faktı da özünə qarşı ifadə verməmək hüququnun pozulmasına mütləq şəkildə gətirib çıxarmır [6]. Əsas məqam ondan ibarətdir ki, bu məlumat xarakterinə görə məhdud olmalıdır, yəni cinayətin mühüm elementləri yenə də ittiham tərəfi tərəfindən sübut edilməlidir [6].
Məhz bu məqamda daha çətin bir sual ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 10.04.2012-ci il tarixli qərarında (bundan sonra – 2012-ci il Qərarı) Məcəllənin 264-cü maddəsinin təcrübədə tətbiqindəki çətinlikləri və «qaçma» anlayışının qeyri-müəyyənliyini nəzərə alaraq, bu anlayışa və bütövlükdə maddəyə hərtərəfli şərh vermişdir [5]. Konstitusiya Məhkəməsi 2012-ci il Qərarında hadisənin digər zərərçəkmiş iştirakçılarına kömək göstərmək və öz şəxsiyyətini bildirmək öhdəlikləri ilə yanaşı, 2004-cü il Qərarına istinad edərək, sürücünün hadisə barədə “ilkin izahat” vermək öhdəliyinin də olduğunu qeyd etmişdir ki, bu da özünə qarşı ifadə verməmək hüququ baxımından daha problemli məsələ yaradır [5]. Öz qərarını əsaslandırmaq üçün Konstitusiya Məhkəməsi belə mövqe tutmuşdur ki, özünə qarşı ifadə verməmək hüququ hər bir yol-nəqliyyat hadisəsindən dərhal sonra avtomatik olaraq tətbiq olunmur. Məhkəmə izah etmişdir ki, “nəqliyyat vasitəsini idarə edən şəxsin özünə qarşı ifadə verməmək hüququ cinayət-prosessual hüquq olduğuna görə yol-nəqliyyat hadisəsindən dərhal sonra yaranmır” [3], çünki yol-nəqliyyat hadisəsi özlüyündə mütləq cinayət hadisəsi hesab edilmir. Bu səbəbdən Məhkəmə hesab etmişdir: “Bu zaman həmin şəxslər, o cümlədən nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən izahat verilməsi özünə qarşı ifadə vermək kimi deyil, Qanunda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi kimi qiymətləndirilməlidir” [3]. Bunun əksinə olaraq, Zaichenko Rusiyaya qarşı işində AİHM fərqli mövqe tutmuşdur. Polis Zaichenkonu avtomobilində aşkar edilmiş oğurlanmış yanacaq bidonlarının mənşəyi barədə sorğu-suala tutmuşdur. Zaichenkonun həmin sorğu zamanı verdiyi izahatlar sonradan məhkəmədə onun əleyhinə istifadə edilmişdir [4]. Bu qərarda AİHM qeyd etmişdir ki, özünə qarşı ifadə verməmək hüququnun tətbiqi baxımından yalnız şəxsin prosessual statusu deyil, həm də hüquq-mühafizə orqanlarının həmin şəxsi cinayət törətməkdə şübhəli hesab edib-etməməsi əhəmiyyət daşıyır [4].
AİHM-in Zaichenko Rusiyaya qarşı işindəki qərarı işığında “ilkin izahat” anlayışı ilə nəyi nəzərdə tutduğumuzu daha diqqətlə təhlil etməliyik, çünki özünə qarşı ifadə verməmək hüququ hələ cinayət-prosessual hüququn subyekti olmayan şəxslərə də şamil oluna bilər. Hüquq-mühafizə orqanları və məhkəmələr bir tərəfdən şəxsiyyətin müəyyən edilməsi və məhdud tənzimləyici xarakterli məlumatlar, digər tərəfdən isə şəxsi təqsirləndirə bilən və ya sonradan cinayət məsuliyyətinin müəyyən edilməsi üçün istifadə oluna bilən məlumatlar arasındakı sərhədin harada olduğunu diqqətlə araşdırmalıdırlar. Bu balansa nail olmaq üçün dövlətin məqsədi ictimai təhlükəsizliyin və yol-nəqliyyat hadisəsi zərərçəkmişlərinin hüquqlarının qorunması kimi real və legitim məqsədlər olmalı, hüquq-mühafizə orqanlarının vəzifəsi olan cinayət hadisəsinin araşdırılması və əməli törətmiş şəxsin müəyyən edilməsi öhdəliyinin isə əməli törətmiş şəxslərin özlərinə həvalə edilməsi məqsəd təşkil etməməlidir [2].
Nəticə etibarilə, əsl çətinlik Məcəllənin 264-cü maddəsinin özündə deyil, sürücüdən hadisədən dərhal sonra tələb oluna biləcək əməkdaşlığın hüdudlarının müəyyən edilməsində və bu hüdudların praktikada düzgün tətbiqindədir. 264-cü maddə sürücüləri yol-nəqliyyat hadisəsi yerində qalmağa, xəsarət almış şəxslərə kömək göstərməyə, öz şəxsiyyətlərini bildirməyə və hüquq-mühafizə orqanları hadisə yerinə gəldikdə yalnız məhdud tənzimləyici xarakterli məlumat verməyə məcbur edə bilər. Halbuki, bu vəzifə, xüsusilə hadisənin halları şəxsin cinayət törətməsindən şübhələnməyə əsas verdikdə, sürücünün özünü təqsirləndirə biləcək məzmunlu ətraflı izahat verməyə məcbur edilməsini əhatə etməməlidir. Buna uyğun olaraq, 264-cü maddə ictimai təhlükəsizliyi və yol-nəqliyyat hadisələrində zərərçəkmiş şəxslərin qanuni maraqlarını qorumaqla yanaşı, istintaqın aparılması üzrə əsas məsuliyyəti hüquq-mühafizə orqanlarının üzərinə qoyacaq şəkildə tətbiq edilməlidir.
Biblioqrafiya
- Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, 1999, 263, 263-1 və 264-cü maddələr.
- Müzəffər Ağazadə, 'Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə bağlı mübahisəli məsələlər' (2018) XV Azərbaycan Vəkili 18–23.
- Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, 'Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair' (29 yanvar 2004-cü il).
- Aleksandr Zaichenko Rusiyaya qarşı, Ərizə № 39660/02 (AİHM, 18 fevral 2010-cu il).
- Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, 'Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair' (10 aprel 2012-ci il).
- O'Halloran və Francis Birləşmiş Krallığa qarşı, Ərizələr № 15809/02 və 25624/02 (AİHM [Böyük Palata], 29 iyun 2007-ci il) [2007] ECHR 544.
Digər dillərdə
Məqalənin sonu
Oxucu müzakirəsi
Hələ şərh yoxdur. İlk şərhi siz yaza bilərsiniz.
