Hüquq və Siyasət Kəsişməsində: Siyasi Hüquq Nəzəriyyəsinin Mahiyyəti

By Sübhan Rəsulzadə

April 22, 2025

Summary:

Bu yazı, Siyasi Hüquq Nəzəriyyəsinin hüququ yalnız dövlət hakimiyyətinin legitimləşdirilməsi üçün nəzəri bir çərçivə kimi, yoxsa onu siyasi idarəetmənin praktik bir aləti kimi qəbul edib-etmədiyini araşdırmaq, Schmitt və Loughlin kimi düşüncə sahiblərinin yanaşmaları müqayisə edilərək, hüququn siyasi və inzibati mexanizmlərlə əlaqəsinin təhlil edilməsi məqsədini daşıyır.


1. Giriş: Hüquq və Dövlət Hakimiyyətinin Kəsişdiyi Nöqtə

Siyasi Hüquq Nəzəriyyəsi dövlət hakimiyyətinin köklərinin necə təsis edildiyini açıqlayan bir nəzəriyyədir*1. Bu nəzəriyyə barədə ilkin mövqelərə alman mütəfəkkiri Carl Schmitt’in 1927-ci il tarixli “Siyasilik Anlayışı”2 adlı məqaləsində, daha sonra 1932-ci il tarixli eyniadlı kitabında və “Qanunilik və Legitimlik” əsərində rast gəlinir. Lakin nəzəriyyənin təkmil versiyası təxminən 20-ci əsrin ikinci yarısına təsadüf edir*3. Bu nəzəriyyənin üzərində ən geniş tədqiqatları aparan və ətraflı bir mövqe ortaya qoymuş şəxs isə Britaniyalı akademik Martin Loughlin hesab edilir. Hazırki yazı Siyasi Hüquq Nəzəriyyəsinin hüququ yalnız dövlət hakimiyyətinin legitimləşdirilməsi üçün nəzəri bir çərçivə kimi, yoxsa onu siyasi idarəetmənin praktik bir aləti kimi təqdim etdiyini araşdırmaq məqsədi daşıyır. Bu yazı həmçinin Schmitt və Loughlin kimi düşüncə sahiblərinin yanaşmaları müqayisə edilərək, hüququn siyasi və inzibati mexanizmlərlə əlaqəsinin təhlil edir.

2. Martin Loughlin: Hüquq Siyasi Fenomendirmi?

Martin Loughlin hüququ bir siyasi fenomen olaraq qəbul edir. Hüququn avtonom və siyasilik anlayışından ayrı neytral bir sahə olduğunu müdafiə edən liberal yanaşmanı tənqid edir. O iddia edir ki, hüquq dövlət, güc və hakimiyyətin icrasından doğan siyasi bir praktikadır. Onun “Publik Hüquq(un) İdeyası” (2003) və “Publik Hüququn Əsasları” (2010), həmçinin “Siyasi Hüquq Nəzəriyyəsi” adlı əsərlərindən aydındır ki, publik hüquq “yalnız ictimai münasibətləri tənzimləyən və dövlətin quruluşunu, eyni zamanda mövcudluğunu təmin edən qaydalar toplusu deyil; publik hüquq, siyasiliyi və siyasi gücü legitim və idarə ediləbilən edən məfhumdur”*4.

Bu kontekstdə Loughlin pozitivizm və normativizmin hüquq sahəsinə münasibətdə olan baxış bucaqlarının əsasının yanlış olduğunu bildirir. Hesab edir ki, bu nəzəriyyələr hüququn siyasi köklərini araşdırmaqda, xüsusən də, hüququn suveren hakimiyyət və dövlət gücünün tarixi təkamülündən törədiyini müəyyən etməkdə uğursuz nəticəyə gəliblər*5.

Nəticə etibarilə, Loughlin hüququ fəlsəfi, nəzəri və abstrakt terminlərin çərçivəsinə həbs etməyin əleyhinədir. Bunun əvəzinə o, genealoji və tarixi bir nöqteyi-nəzərə üstünlük verərək hüquqi anlayışların və komponentlərin siyasi ənənələrin daxilində cücərərək günümüzdə gördüyümüz halına gəlib çıxdığını iddia edir. Bu təhlili apararkən, konstitusiya hüququ və inzibati hüquq sahələrində tarix boyu baş vermiş və bu gün də davam edən inkişaf mərhələlərinə diqqət çəkir.

3. Carl Schmitt və Hüququn Siyasi Konteksti

Loughlinin bu yanaşmalarına əlavə olaraq Carl Schmitt’in də bu aspektdəki düşüncələri kifayət qədər unikal mövqedə dayanır. Giorgio Agamben tərəfindən qeyd edildiyi kimi*6, Carl Schmitt “Diktatorluq” (1921) və “Siyasi Teologiya” (1922) əsərləri ilə suverenlik anlayışına yeni bir məna yükləmiş və istisna vəziyyəti (state of exception) barəsində aydın bir yanaşma formalaşdırmış ilk düşüncə adamıdır. Qısa şəkildə, Schmitt bildirir ki, suveren istisna vəziyyətində qərar verən şəxsdir və istisna vəziyyəti normal hüquqi qaydaların tətbiqinin dayandırıldığı haldır*7. Ümumiyyətlə, Schmittin Roma hüququ və siyasəti ilə bağlı araşdırmalarını nəzərə alsaq, onun hüququn siyasi ünsürlərlə sıx əlaqədə olduğunu düşünməsi təəccüblü deyil*8. Martin Loughlin də həmçinin Schmitt’in bu istiqamətdəki fikirlərindən çıxış edərək, hüququn özəyinin siyasi təbiətə malik olduğunu yazır. Hətta “Siyasi Hüquq Nəzəriyyəsinin” sırf hüququn özünün dərk edilməsində və hüquqi institutların dövlət hakimiyyətinin ifadəsi kimi necə fəaliyyət göstərdiklərini anlamaqda effektiv bir vasitə olduğunu düşünür.

4. Siyasi Hüquq Nəzəriyyəsinin Realist və Güc Mərkəzli Yanaşması

Yekunda, görünür ki, “Siyasi Hüquq Nəzəriyyəsi” realist və güc mərkəzli bir hüquq anlayışı təqdim edərək hüququn fəlsəfi və abstrakt təməlli normalardan daha çox suverenlik, dövlət və idarəçilik kimi praktiki parametrlərlə bağlı olduğunu iddia edir. Loughlin’in sözləri ilə, “Siyasi Hüquq Nəzəriyyəsi hüququn siyasi olanın bir aspekti olduğunu, siyasi olanın da dünyaya avtonom (müstəqil) bir baxış tərzi olduğunu vurğulayır”*9.

İstinadlar:

1)Martin Loughlin, “Political Jurisprudence”, 2016, The London School of Economics and Political Science, Avqust 2016, s. 1.

2)Qeyd etmək gərəkdir ki, almancada “Der Begriff des Politischen”, ingilis dilində “The Concept of Political” şəklində ifadə edilən bu əsərin adındakı “Political” sözünü, siyasət mənasını verən “Politics” ifadəsi ilə eyniləşdirərək kitabın adını “Siyasət Anlayışı/Konsepti” kimi tərcümə edənlər vardır. Lakin bu yanlış mövqedir. Belə ki, Schmitt’in düşüncələrdindən anlaşıldığı və Martin Loughlin’in “Siyasi Hüquq Nəzəriyyəsi” əsərinin Giriş hissəsində vurğuladığı üzrə, “Political” sözü “Politics” ifadəsindən daha dərin və nəzəri bir məna ifadə edir. Bu səbəblə də, bu sözləri sinonim kimi işlətmək bu yazının məqsədlərin üçün uyğun deyildir.

3)Martin Shapiro, “Political Jurisprudence”, Kentucky Law Journal, Vol. 52: Iss. 2, Article

4)Loughlin, 2017, s. 11-22.

5)Martin Loughlin, “Against Constitutionalism”, Harvard University Press, 2022.

6)Giorgio Agamben, “State of Exception”, The University of Chicago Press, 2005, s. 32.

7)Carl Schmitt, “Politische Theologie (political theology)”, 1922.

8)Carl Schmitt, “Roman Catholicism and Political Form”, 1923

9)Loughlin, 2017, s. 1.



Comments: 0
Law Society LogoJoin our newsletter to stay up to date on features and releases.
© 2024 ADA Law Society. All rights reserved.