Sağlam və Təhlükəsiz Əmək Şəraiti: Azərbaycan reallığı

By Məleykə Salamzadə

20 May 2025

Summary:

Azərbaycan Konstitusiyası və Əmək Məcəlləsi hər kəsin sağlam və təhlükəsiz əmək şəraitində işləmək hüququnu tanıyır. Lakin statistik göstəricilər göstərir ki, xüsusilə sənaye sahəsində minlərlə işçi sanitar-gigiyena normalarına cavab verməyən, təhlükəli şəraitdə çalışır və bu da iş zamanı baş verən ağır xəsarət və ölüm hallarının əsas səbəblərindəndir. Hazırki yazının məqsədi Azərbaycanda əlverişsiz əmək şəraiti ilə işçilərin zədələnməsi və ya ölümü arasında olan səbəb-nəticə əlaqəsini araşdırmaq və bu problemin miqyasını faktlarla ortaya qoymaqdır.

Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin 6-cı bəndində hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit olunsa da, tez-tez sosial şəbəkələr və kütləvi informasiya vasitələrində işçilərin əmək müəssisələrində ağır xəsarətlər alması və ya ölümü ilə bağlı xəbərlər eşitmək mümkündür*1. Niyə Azərbaycanda Konstitusiyanın 35.6-cı maddəsində fundamental insan hüquqlarından biri kimi hər kəsin sağlam və təhlükəsiz şəraitdə işləmək hüququnun təsbit edildiyi halda işçilərin böyük əksəriyyəti əlverişsiz əmək şəraitində çalışırlar? İşçilərin əlverişsiz əmək şəraitində çalışması ilə əmək müəssisələrində onların yaralanması və ya ölməsi kimi hallar arasındakı səbəb-nəticə əlaqəsi nədən ibarətdir? Bu yazı işində ölkəmizdə işçilərin zədələnməsi və ya ölümü ilə nəticələnən hadisələr, onların səbəbləri və cəmiyyətə təsiri ətraflı şəkildə tədqiq olunur.

Əmək hüququ işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətlərini tənzimləməkdə həm beynəlxalq, həm də milli hüquq sistemində aparıcı rola malik olan bir sahədir. Əmək hüququ hər bir vətəndaşın konstitusional hüququdur, bu hüququ icra edən hər bir vətəndaş əmək müqaviləsi bağladığı zaman əmək münasibətlərinə daxil olmuş hesab edilir. İşçilər və işəgötürənlər arasında olan muzdlu əmək münasibətləri əmək hüququnun əsas predmetidir. Əmək hüquq münasibətlərinin meydana çıxması birbaşa olaraq əmək münasibətlərinin tənzimlənməsi ilə əlaqədardır. Bu münasibətlərin məzmunu tərəflərin əmək hüququ münasibətlərinin yarandığı andan əldə etdikləri hüquq və vəzifələrdən ibarətdir. Əmək hüququ Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas insan və vətəndaş hüquqlarından biri olmaqla yanaşı Əmək Məcəlləsi ilə də tənzimlənir.

Beynəlxalq hüquq yanaşmasıda işçilərin hüquqlarının vahid tərifi və ya müəyyənləşdirilmiş siyahısı yoxdur*2. Beynəlxalq Əmək Təşkilatı hər bir üzvünün hörmət və təşviq etməli olduğu “əmək müəssisəsində əsas prinsiplər və hüquqlar” anlayışını irəli sürür. Bunların arasında məcburi və ya məcburi əməyin bütün formalarının ləğvi, məşğulluq və peşə ilə bağlı olan ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, işçilərin sağlam və təhlükəsiz iş mühitində işləməsi kimi müddəaları da görmək mümkündür. Beynəlxalq Əmək Təşkilatı bu müddəların hər birinə əsaslanan beynəlxalq əmək konvensiyaları qəbul edərək onların tətbiqinə nəzarət edir. Əməyin Təhlükəsizliyi və Sağlamlığı üzrə Konvensiyanın 4.1-ci maddəsində qeyd edilir ki, bu konvensiyaya üzv olan hər bir dövlət öz yerli şəraiti və təcrübəsi əsasında və işəgötürənlərlə işçilərin nümayəndəli təşkilatları ilə məsləhətləşərək sağlam əmək mühiti, əməyin təhlükəsizliyi və iş mühiti ilə bağlı ardıcıl milli siyasəti formalaşdırmalı, həyata keçirməli, vaxtaşırı nəzərdən keçirir. Konvensiyanın 4.2-ci maddəsində isə bu siyasətin məqsədi kimi iş mühitinə xas olan təhlükələrin səbəblərini mümkün qədər minimuma endirməklə iş zamanı yaranan, onunla əlaqəli və ya baş verən bədbəxt hadisələrin və sağlamlığa xəsarətlərin qarşısını almaqdan ibarət olması əks etdirilir*3. Tikintidə Təhlükəsizlik və Sağlamlıq Konvensiyasının ümumi maddələrində də vurğulanır ki, bu konvensiyanı qəbul edən hər bir üzv dövlət öz ərazisindəki tikinti müəssisələrində işçilərin təhlükəsiz və sağlam əmək şəraitində çalışmasını təmin edən qanunlar qəbul etməli, dövlət siyasəti müəyyənləşdirərək tikinti zamanı baş verə biləcək bədbəxt hadisələrin sayını minimum həddə endirməlidir*4.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin illik statistik göstəricilərinə diqqətlə nəzər yetirdikdə əlverişsiz əmək şəraitində işləyənlərlə istehsalatda baş verən bədbəxt hadisələr zamanı zərərçəkənlərin sayına aid statistik məlumatların bir-birindən fərqləndirildiyini müşahidə etmək mümkündür. Əlverişsiz əmək şəraitində işləyənlər dedikdə əmək müəssisəsində sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə çalışan, ağır fiziki əməklə məşğul olan və təhlükəsizlik tələblərinə cavab verməyən avadanlıqlarla fəaliyyət göstərən işçilər nəzərdə tutulur. 2000-2011-ci illər arasındakı göstəricilərdən sənaye sahəsində əlverişsiz əmək şəraitində işləyənlərin sayının daha çox olduğu müşahidə edilmişdir. Belə ki, 2000-ci ildə 23763 nəfər sənaye işçisi sanitar-gigiyena normalarına cavab verməyən əmək şəraitində çalışmış, 2008-ci ildə isə bu say 25429-a yüksəlmişdir*5. 2008-2015-ci illər arasında belə əmək şəraitində fəaliyyət göstərən işçilərin sayında 4000 nəfərə qədər azalma baş versə də, bu azalma sənaye əmək müəssisəsinin işçiləri üçün mövcud olan həyati təhlükələri istisna etməmişdir. Sənaye müəssisələrində ağır fiziki əməklə məşğul olanların sayı da az deyil. 2000-2015-ci illərdəki göstəricilər arasında ən aşağı göstərici 2000-ci ildə müşahidə olunmuşdur. Həmin ildə sadəcə 1010 nəfər sənaye sahəsində ağır fiziki əməklə məşğul olmuşdur. 2007-ci ilə aid olan statistik məlumatdan isə digər illərə nisbətən daha çox- 7641 işçinin işlədiyi göstərilmişdir. Rabitə müəssisələrində əlverişsiz əmək şəraitinin tətbiqinə daha az rast gəlinir, 2000-2015-ci illər ərzindəki ən yüksək işçi sayı sadəcə ən çox 677 nəfərdən ibarət olmuşdur. Tikinti də əlverişsiz əmək şəraitinin, xüsusilə ağır fiziki əmək kateqoriyasının tətbiq edildiyi sahələrdən biridir, belə ki, hər il yüzlərlə işçi ağır əmək səbəbindən həyatını itirir. Nəqliyyatda daha çox sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyənlər üstünlük təşkil etmişdir. 2000-ci ildə bu sahədə göstərici 5228 olduğu halda, 2010-cu ildə 7323-ə yüksəlmiş,2015-ci ildə isə 6246 nəfərə bərabər olmuşdur*6. Təhlükəsizlik tələblərinə cavab verməyən avadanlıqlarda işləyən şəxslərin sayı tikinti müəssisələri üçün 2000-2011-ci illərdə ən aşağı səviyyədə olsa da, nəqliyyat və rabitə qurumları 2014-2015-ci illərdə 100-dən çox şəxsin belə əlverişsiz şəraitdə işləməyinə göz yummuşdur. Bütün qeyd olunan məlumatlar əsasında belə bir nəticəyə gəlmək olar ki, sənaye müəssisələrində əlverişsiz əmək mühitində fəaliyyət göstərən işçilərin faciələr və həyati təhlükə ilə üzləşmə ehtimalı daha yüksəkdir.

Faktiki hallarla bağlı araşdırma aparıldığı zaman istehsalatda bədbəxt hadisələr baş verdiyi üçün əmək qabiliyyətini itirən və həlak olanlarla bağlı məlumatları təhlil etmək daha məqsədəuyğundur. 2000-ci ildə 180 nəfər istehsalatdakı qəzalardan zərər çəkmiş,onlardan 40 nəfəri həlak olmuşdur. 2009, 2010 və 2011-ci illərdə baş verən xoşagəlməz hadisələrdən 250 nəfərdən daha çox işçi əziyyət çəkmiş, zərərçəkənlərin təxminən 40%-i həyatını itirmişdir*7. 2014-cü ildəki yüksək göstəricilərdən fərqli olaraq 2015-ci ildə belə hallardan əziyyət çəkən şəxslərin sayı 150-dən daha az olmuş, zərərçəkənlərin isə təxminən 30%-i dünyasını dəyişmişdir*8.

Dövlət Statistika Komitəsinin illik məlumatlarına istinad edərək belə bir iddia irəli sürmək mümkündür ki, Azərbaycanda əlverişsiz əmək şəraitində, xüsusi ilə də sənaye müəssisələrindəki əlverişsiz əmək mühitində fəaliyyət göstərən işçilərin sayının kifayət qədər çox olması 2000-2015-ci illərdə istehsalatda meydana gələn bədbəxt hadisələr zamanı əmək qabiliyyətini itirənlər və ölənlərin də sayındakı çoxluğun əsas səbəbi olmuşdur. Xoşagəlməz hadisələrin sayının çox olması əmək qabiliyyəti olan şəxslərin də əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətinə və istəyinə ciddi şəkildə təsir etmişdir. Belə ki, insanlar başlarına gələ biləcək pis ehtimalları kütləvi informasiya vasitələrinin köməyi ilə rahatlıqla öncədən təxmin edə bilirlər, həyati təhlükənin yüksək ehtimalda mövcud olması isə onların əmək bazarında iştirakına maneə törədir.

Ölkə hüdudlarında ən ali qanuni qüvvəyə malik olan Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsi əmək hüququnu da əsas insan və vətəndaş hüquqları və azadlıqlarından biri kimi təsbit edir*9. Amma həmin maddənin 6-cı bəndində hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun əks etdirilməsinə baxmayaraq, işçilərin böyük əksəriyyəti sənaye müəssisələrində sanitar-gigiyena normalarına cavab verməyən bir mühitdə çalışırlar ki,bu faktor da daha çox işçinin zərər çəkməsinə və ya həyatını itirməsinə səbəb olur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsində işçilərin əsas hüquqlarından bəhs edilir və qeyd olunur ki, işçinin əsas hüquqlarından biri də həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etməkdir*10. Bütün bunlara baxmayaraq işçilərin əksəriyyəti yuxarıdakı statistik məlumatlardan da göründüyü kimi əlverişsiz əmək şəraitində, xüsusi ilə də əlverişsiz əməyin sanitar-gigiyena normalarına cavab verməyən kateqoriyasına daxil olan sənaye müəssisələrində çalışırlar ki, bu da istehsalat zamanı baş verən qəzalarda əmək qabiliyyətini itirən və ölənlərin sayında artıma səbəb olur. Azərbaycan Respublikasının Konstitusiyası və Əmək Məcəlləsində təsbit edilmiş müvafiq hüquq və normalara əməl etməyən işəgötürənlər,eləcə də əmək müəssisələri işçilərin əməyini mühafizə etmək məsuliyyətinə kifayət qədər ciddi yanaşmadıqları üçün hər il istehsalatda baş verən xoşagəlməz hallar və bu hallar nəticəsində əmək qabiliyyətini itirənlərlə ölənlərin göstəricilərində artım müşahidə edilir.

Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasının 35.6-cı madddəsi və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin işçi hüquqları ilə əlaqədar olan maddələrində hər bir işçinin təhlükəsiz və sağlam əmək şəraitində işləmək hüququnun təsbit edilməsinə baxmayaraq, Dövlət Statistika Komitəsinin 2000-2015-ci illərə aid olan Azərbaycanın illik statistika göstəricilərinə istinad edərək qeyd etmək mümkündür ki, işçilərin böyük əksəriyyətinin (təqribən 30000 nəfər) sənaye müəssisələrində əlverişsiz əmək şəraitinin sanitar-gigiyena normalarına cavab verməyən kateqoriyasında işləməsi konstitusional əmək hüququnun, beynəlxalq normaların pozulmasının göstəricisidir. Bu səbəblə də 2000-2015-ci illər ərzində işçilərin əmək qabiliyyətini itirməsi və ölməsi ilə bağlı bədbəxt hadisələrin sayı da kifayət qədər yüksək olmuşdur. İşəgötürənlərin Azərbaycan Respublikasının Konstitusiyasının və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin maddələrini pozaraq əmək məsuliyyətini təmin etməməsi səbəbilə hər il işçilərin əmək qabiliyyətini itirməsi və ölümü ilə nəticələnən hadislərin də sayı artmaqda davam edir.

Aktual problemin həlli olaraq, Azərbaycan Respublikasının qanunvericiliyinə əlverişsiz əmək şəraiti ilə bağlı müəyyən normaların əlavə edilməsi daha məqsədəuyğun olardı. Belə ki, Azərbaycan Beynəlxalq Əmək Təşkilatının üzvü olmasa da, qəbul ediləcək yeni normaların məzmunu bu təşkilatın standartları və konvensiyalarına uyğun olsa, bədbəxt hadisələrin sayında da azalma müşahidə edilə bilər. Bu normalar xüsusilə də işçilərin sənaye müəssisələrində əlverişsiz əmək şəraitinin sanitar-gigiyena normalarına cavab verməyən kateqoriyasına daxil olan işçilər və işəgötürənlərə aid edilməlidir, çünki bədbəxt hadisələrin çoxunun səbəbi işçilər və işəgötürənlər arasındakı belə münasibətlərdən də qaynaqlanır.Buna görə də işəgötürənlərin əmək məsuliyyəti ilə əlaqədar olan maddələrdəki normaların sərtləşdirilməsi işçilərin başına gələ biləcək qəzaların da sayının azalmasına gətirib çıxara bilər. Həmçinin işəgötürənlərin üzərinə işçilər öz hüquqları ilə işə götürülməmişdən əvvəl tanış etmək vəzifəsinin qoyulması da təklif edilir. Belə ki, işçilər əmək hüququ üzrə maarifləndirilsələr və öz hüquqlarına bələd olsalar, işəgötürənləri lazımi qoruyucu tədbirləri görməyə məcbur edə bilər və nəticədə ölüm və yaralanma halları da azalar.

İstinadlar:

1)Azərbaycan Respublikasının Konstitusiyası 1995, maddə 35

2)‘International Labour Review’, Vol. 137 (1998), No. 2 accessed 20 November 2024 https://www.ilo.org/public/english/revue/download/pdf/intro982.pdf

3)Əməyin Təhlükəsizliyi və Sağlamlığı üzrə Konvensiya 1981 (№ 155)

4)Tikintidə Təhlükəsizlik və Sağlamlıq Konvensiyası 1988 (№ 167)

5)Arif Vəliyev, Azərbaycanın statistik göstəriciləri (9 nömrəli kiçik müəssisənin mətbəəsi, 2012)

6)Tahir Budaqov, Azərbaycanın statistik göstəriciləri (9 nömrəli kiçik müəssisənin mətbəəsi, 2016)

7)Arif Vəliyev, Azərbaycanın statistik göstəriciləri (9 nömrəli kiçik müəssisənin mətbəəsi, 2012)

8)Tahir Budaqov, Azərbaycanın statistik göstəriciləri (9 nömrəli kiçik müəssisənin mətbəəsi, 2016)

9) Azərbaycan Respublikasının Konstitusiyası 1995, maddə 35

10)Azərbaycan Respublikasının Əmək Məcəlləsi 1999, maddə 9

Law Society LogoJoin our newsletter to stay up to date on features and releases.
© 2024 ADA Law Society. All rights reserved.