Конституционное и публичное правоAZ
Cinayət işləri üzrə təyin edilən ekpertizalar və ekspert rəylərinə dair beynəlxalq standartlar : təcrübədə rast gəlinən ziddiyyətlər
Аннотация
Конституционное и публичное право
Bu araşdırmanın məzmunu cinayət işləri üzrə təyin edilən ekspertizalar və ekspert rəylərinə dair beynəlxalq standartların araşdırılmasından ibarətdir. Bu məqsədlə həm ölkədaxili qanunvericiliyə və hüquqtətbiqetmə təcrübəsinə, həmçinin xarici dövlətlərin qanunvericiliyi və praktik təcrübəsinə istinad olunmuşdur. Araşdırmada təcrübədə ekspertizaların keçirilməsi ilə bağlı mövcud olan ziddiyyətlərin də təhlili öz əksini tapmışdır. Açar sözlər: ekspertiza rəyinin elmi əsaslığı, çəkişmə prinsipi, Daubert standartı, müdafiə hüququnun məhdudlaşdırılması

Официальная PDF-версия
Статья в том виде, в каком она опубликована в Юридическом блоге: с исходной вёрсткой и сносками.
Cinayət prosessual fəaliyyət zamanı, xüsusilə sübutetmə prosesində hüquq və azadlıqların qorunması baxımından ekspertiza tədqiqatı mühüm mexanizmlərdən biri kimi çıxış edir. Məhkəmə ekspertizasının təşkili cinayət mühakimə icraatında obyektiv həqiqətin müəyyən edilməsində, dövlətin və vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunmasında və müdafiə edilməsində əsas prosessual vasitələrdən biridir.
Ekspertiza təyin olunmasının hüquqi əsas kimi Cinayət Prosessual qanunvericiliyi[1] (bundan sonra – CPM) və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun[2] qəbul edilməsini göstərmək olar. Bunun davamı olaraq 2006-cı ildə “Ədliyyə orqanlarının inkişafı haqqında” Prezident fərmanı ilə Ədliyyə Nazirliyinin strukturunda dəyişikliklər edilmişdir. Məhkəmə ekspertizalarının keyfiyyətinin artırılması məqsədilə Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu Məhkəmə Ekspertizası Mərkəzi adlandırılmış və fəaliyyəti genişləndirilmişdir.
“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna və CPM-nin 97.1 və 264.1-ci maddələrinə əsasən, ekspertiza elm, texnika, incəsənət və ya sənət sahəsində, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliklər tələb edildikdə cinayət təqibi üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədi ilə aparılır. Belə ki, ekspertiza cinayət hadisəsi üzrə sübut edilməli olan halları müəyyən etmək üçün xüsusi bilik tələb olunduğu halda, cinayət təqibi orqanı məhkəmənin qərarı, cinayət təqibi xüsusi ittiham qaydasında keçirilərsə, müdafiəçinin yazılı vəsatəti əsasında keçirilir. Ekspertizanın təyin edilməsi barədə müstəntiqin qərarının ekspertə daxil olduğu və ya ekspertlə müdafiə tərəfi arasında müqavilə bağlandıqdan sonra ekspert zəruri tədqiqatlar aparır, yazılı rəy tərtib edir və onu öz imzası ilə təsdiq edir.
Təcrübədə ekspertiza keçirilməsi ilə bağlı bir çox ziddiyyətli məqamlara nəzər yetirmək də əhəmiyyətlidir. Belə ki, ziddiyyətlər daha çox müdafiəçinin ekspert rəyi almaq hüququnun reallaşdırılmasının qarşısını alan qanunvericilik normaları ilə bağlıdır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun[3] 15-ci maddəsi və cinayət prosessual qanunvericilik vəkilə ekspert rəyi almaq hüququ versə də, CPM-nin 97.1-ci maddəsi ekspertin yalnız cinayət təqibi orqanı tərəfindən təyin edilməsini şərtləndirir. “Məhkəmə ekspertizası haqqında” Qanunun 21-ci maddəsinə - məhhdudlaşdırıcı hissəsinə gəldikdə isə, bu qanun vəkilin ekspertizaya müraciət etmək hüququnu cinayət işlərində yalnız “xüsusi ittiham” halları ilə məhdudlaşdırılır. Bu eyni zamanda CPM-nin 92.9.9-cu maddəsində də öz əksini tapır. Digər qeyd edilməli olan məqam ondan ibarətdir ki, müstəntiqin vəkilin ekspertiza təyin edilməsi ilə bağlı vəsatətini rədd etməsi barədə qərarından məhkəmə nəzarəti qaydasında şikayət vermək imkanı qanunvericilikdə nəzərdə tutulmayıb. Bu baxımdan bu cür məhdudiyyətlərin olması cinayət təqibi həyata keçirən orqanın sübut toplamaq səlahiyyəti qarşısında müdafiə tərəfini zəif vəziyyətdə qoyur ki, bu da çəkişmə prinsipinin tələblərinə zidd olaraq ədalətli məhkəmə araşdırması hüququnun həyata keçirilməsinə mane törədir.
Yuxarıda qeyd edilidyi kimi, ekspert zəruri tədqiqatların nəticəsində rəy tərtib edir və burada onun tərəfindən aparılan tədqiqatın üsulları, qoyulmuş sualların cavablandırılmasının əsaslandırılması öz əksini tapır. Bu baxımdan ekspert rəyinə dair beynəlxalq standartlara nəzər saldıqdan sonra ölkədaxili təcrübədə mövcud olan ziddiyyətli məqamların təhlil edilməsi zəruridir.
Avropa Şurasının Məhkəmə Ekspertlərinin Rolu haqqında Təlimatı[4] (Guidelines on the role of court-appointed experts in judicial proceedings, 2014) bu sahənin ən mühüm beynəlxalq sənədlərindən biridir. Bu sənədin 4-cü bölməsində ekspert rəyinin hazırlanması və formasına dair bir sıra tələblər vardır. Həmin tələblərə əsasən ekspert rəyi ardıcıl, düzgün strukturlaşdırılmış, yaxşı təşkil olunmuş, elmi əsaslara söykənən və anlaşılan olmalıdır. Ekspert tərəfindən izlənilən əsaslandırma müvafiq şəkildə göstərilməlidir. Bunlardan əlavə, əgər ekspert rəyi yazılı formatda veriləcəksə, onun qarşısında hansı sualların olduğunu, yoxlamalar, yerində baxışlar, istintaq tapşırığında iştirak edən şəxslər, ən əsası istifadə etdiyi elmi sübutlar (ədəbiyyat) və ya digər mənbələr (məsələn, texniki qaydalar), istifadə etdiyi metodların izahı, həmçinin mövcud alternativ metodlar və nəzəriyyələr, elmi mübahisələr və fərqli nəticələr barədə məlumatlar da öz əksini tapmış olmalıdır. Bu təlimatdan əlavə Avropa Məhkəmə Ekspertizası Şəbəkəsi də vardır ki, (ENFSI -European Network of Forensic Science Institutes) bu şəbəkə üzv dövlətlər üçün ekspertiza standartlarını harmonikləşdirmək məqsədilə fəaliyyət göstərir. Azərbaycan ENFSI-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi və Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi vasitəsilə təmsil olunmaqla şəbəkənin fəaliyyətində iştirak edir. Bununla da, ekspert rəyinin metodoloji əsaslılığı və etibarlılığı ENFSI tərəfindən formalaşdırılmış beynəlxalq standartları ilə təmin olunur.
Xüsusilə ABŞ məhkəmə praktikasında formalaşmış Daubert v. Merrell Dow Pharmaceuticals işi ekspert sübutlarının qəbul edilməsi üçün əsas meyarları müəyyən etmişdir. ABŞ Federal sübut qaydalarının tətbiqi zamanı (Rule 702)[5] hakim bir “qapıçı” rolunu oynayaraq təqdim olunan rəyin həm işə aidiyyətini, həm də elmi etibarlılığını yoxlayır. Bu sistemin əsas məqsədi saxta elmi, real elmi sübutlardan ayırmaqdır. Belə ki, ekspert rəyinin etibarlılığını qiymətləndirmək üçün beş əsas meyar tətbiq edilir. 1) Yoxlanılabilənlik - bu meyara əsasən, istifadə olunan elmi nəzəriyyə və ya metodun empirik olaraq yoxlanıla bilməsi (test edilməsi) və fərziyyələrin sınaqdan keçirilməsi şərtdir. Bu meyar tələb edir ki, metodun doğruluğu elmi sınaqlarla sübut edilsin. 2) Resenziya və dərc olunma - sözügedən metodun digər müstəqil mütəxəssislər tərəfindən nəzərdən keçirilməsi və elmi jurnallarda dərc edilməsi onun etibarlılığının və şəffaflığının əsas göstəricisidir. 3) Xəta dərəcəsi (error rate) - tətbiq olunan metodun məlum olan və ya potensial xəta dərəcəsi mütləq nəzərə alınmalıdır. Hər bir metodun səhv etmə ehtimalı var; lakin yüksək və ya qeyri-müəyyən xəta payı olan metodlar məhkəmə tərəfindən etibarsız sayılaraq rədd edilir. 4) Standartların mövcudluğu - metodun tətbiqi zamanı xüsusi əməliyyat standartlarına və nəzarət mexanizmlərinə riayət olunub-olunmadığı yoxlanılır. 5) Ümumi qəbul - metod müvafiq elmi ictimaiyyət və ya peşəkar sahə tərəfindən geniş şəkildə qəbul edilməlidir. 2023-cü il düzəlişlərinə əsasən, ekspert heç bir halda 100% mütləq əminlik iddiası ilə çıxış etməməlidir. Çünki yuxarıda qeyd olunan "Xəta dərəcəsi" və "Yoxlanıla bilənlik" prinsipləri hər bir elmi nəticənin müəyyən bir ehtimal daxilində olduğunu göstərir. Ekspertin nəticəsi, tətbiq etdiyi metodun elmi hüdudlarını aşmamalıdır.
Qeyd olunan yanaşmaların formalaşmasında Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra – AİHM) presedent hüququ da mühüm rol oynayır və ekspert rəyinə dair əsas prosessual standartların məzmununun müəyyən edilməsində istiqamətverici əhəmiyyət daşıyır. Bu tələblər Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsi kimi çıxış edir.
AİHM-in Sakit Zahidov v. Azerbaijan[6] işinə nəzər yetirməklə yerli təcrübədə rast gəlinən problemləri aydınlaşdırmaq da zəruridir. Belə ki, bu işdə ərizəçi satış məqsədi olmadan, şəxsi istifadə həddindən artıq narkotik saxlamaqda ittiham olunmuşdur. Milli məhkəmələr tibbi-ekspert rəyinə istinad etmişdir və bu ekspertiza real tibbi müayinəyə əsaslanmamış, analizlər aparılmamış və yalnız “ümumi əlamətlərə” əsaslanmışdır. Buna baxmayaraq, ekspert ərizəçinin narkotik aludəçisi olduğunu göstərmişdir. AİHM bu iş üzrə qeyd etmişdir ki, sübutların əldə edilmə şəraitinin etibarlılığı və dəqiqliyi şübhə altına alınıb-alınmaması qiymətləndirilməlidir. Sübutların etibarlılığı mübahisə doğurduqda, onların qəbul edilə bilənliyini araşdıran ədalətli prosedurların mövcudluğu daha da mühüm əhəmiyyət kəsb edir. AİHM qeyd etmişdir ki, bu ekspertiza elmi və əsaslandırılmış olmadığından iş üçün həlledici sübut hesab edilə bilməz.
Nəticə etibarilə, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ göstərir ki, ekspert rəyi yalnız formal sübut kimi deyil, onun elmi əsaslılığı, obyektivliyi və əldə edilmə şəraiti baxımından ciddi qiymətləndirilməlidir. Bunun həll yolu kimi ekspert rəyinin elmi metodologiyasının məhkəmə tərəfindən qiymətləndirilməsinə dair hüquqi mexanizmin formalaşdırılması təşkil olunmalıdır. Beləliklə, cinayət işlərində ekspertiza və ekspert rəyi ədalətli məhkəmə araşdırmasının mühüm tərkib hissəsidir və onun obyektivliyi, elmi əsaslılığı, həmçinin tərəflər üçün bərabər əlçatanlığı beynəlxalq standartların əsas tələblərindəndir. Buna görə də yerli qanunvericilikdə ekspertiza institutunun bu standartlara uyğun təkmilləşdirilməsi hüquqların müdafiəsi baxımından zəruridir
Библиография
- 1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi 907-IQ (14 iyul 2000)
- 2. Azərbaycan Respublikasının “Məhkəmə Ekspertizası Fəaliyyəti haqqında” Qanunu 758-IQ (18 noyabr 1999)
- 3. Azərbaycan Respublikasının “ Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunu 783-IQ (28 dekabr 1999)
- 4. Guidelines on the role of court-appointed experts in judicial proceedings, 2014 https://rm.coe.int/168074827a
- 5. Fed. R. Evid. 702 advisory committee’s note to proposed rules (Cornell Legal Information Institute), https://www.law.cornell.edu/rules/fre/rule_702
- 6. Sakit Zahidov v. Azerbaijan, no. 51164/07, ECHR 2015
Конец статьи
Обсуждение
Комментариев пока нет. Ваш может стать первым.
