Сравнительное правоRU
Məhkumluq İnstitutu: Yerli və Xarici Təcrübənin Müqayisəli Təhlili
Аннотация
Сравнительное право
Cinayət törətmiş şəxslərin cəzalandırılması ədalət mühakiməsinin son mərhələsi hesab edilsə də, həmin cəzanın başa çatması şəxsin cinayət keçmişi ilə bağlı bütün hüquqi və sosial nəticələrin aradan qalxmasına dəlalət etmir.

Официальная PDF-версия
Статья в том виде, в каком она опубликована в Юридическом блоге: с исходной вёрсткой и сносками.
Cinayət törətmiş şəxslərin cəzalandırılması ədalət mühakiməsinin son mərhələsi hesab edilsə də, həmin cəzanın başa çatması şəxsin cinayət keçmişi ilə bağlı bütün hüquqi və sosial nəticələrin aradan qalxmasına dəlalət etmir. Məhkumluq institutu təkrar cinayətlərin qarşısının alınması və ictimai təhlükəsizliyin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Lakin bir çox cəmiyyətlərdə formalaşmış stereotipə görə məhkumluğun uzun müddət davam edən nəticələri şəxsin məşğulluq imkanlarına, sosial münasibətlərinə və cəmiyyətə yenidən inteqrasiyasına mane ola bilər.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsi (Məhkumluq) öz normativ strukturu, hüquqi tənzimləmə mexanizmi və doğurduğu nəticələr baxımından 1996-cı ildə qəbul edilmiş Rusiya Federasiyası Cinayət Məcəlləsinin 86-cı maddəsində (Судимость) nəzərdə tutulan yanaşmadan bəhrələnməklə formalaşdırılmışdır. Qanunvericiliyin yanaşmasına görə məhkumluq hüquqi təbiəti baxımından cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur.1 Məhkumluq cəzanın hüquqi nəticəsi hesab edilir. Belə ki, şəxslərin cəzalarını çəkib bitirdikdən sonra törədilmiş cinayətin ağırlıq dərəcəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş zaman kəsiyində yenidən cinayət törətməsi əlavə cinayət-hüquqi yüklülüyün yaranması üçün əsas olur. Bu yüklülük isə özlüyündə residivin yaranmasını və təyin olunacaq cəzanın ağırlaşdırılmasını ehtiva edir. Məhkumluq dövründə, yəni məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi andan məhkumluq ödənilənədək və ya götürülənədək, cəzasını çəkmiş şəxsin yenidən cinayət törətməsinin qarşısının alınması məqsədilə dövlətin şəxsin üzərində sosial-hüquqi nəzarətinin davam etdirilməsi zəruri hesab edilir. Buna baxmayaraq, qanunvericilik məhkumluğun hüquqi nəticələrinin müddətsiz xarakter daşımamasını təmin etmək məqsədilə onun ödənilməsi üçün konkret müddətlər müəyyən etmişdir (CM-in 83.3-cü maddəsi). Həmin müddətlər törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və təyin olunmuş cəzanın növünə mütənasib şəkildə fərqləndirilir. Belə ki, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya, habelə böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün bu müddət bir il, az ağır cinayətlərə görə iki il, ağır cinayətlərə görə altı il, xüsusilə ağır cinayətlərə görə isə səkkiz ildir. Müddətin axımı, bir qayda olaraq, cəzanın çəkilib qurtardığı gündən başlanır. Bundan savayı, qanunvericilik məhkumluq institutunun hüquqi nəticələri ilə şəxsin cəmiyyətə yenidən inteqrasiyası arasında balansın təmin edilməsi və məhkumluğun şəxsin üzərində həddindən artıq məhdudlaşdırıcı təsirinin qarşısının alınması məqsədilə bir sıra hüquqi mexanizmləri nəzərdə tutur. Bu mexanizmlərə amnistiya aktı və ya əfvetmə əsasında məhkumluğun götürülməsi, habelə cəzasını çəkdikdən sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut edən şəxsin vəsatəti əsasında məhkumluğunun məhkəmə tərəfindən vaxtından əvvəl götürülməsi daxildir.
Məhkumluğun ödənilməsi və ya götürülməsi şəxslə bağlı bütün cinayət-hüquqi nəticələri ləğv etsə də, reyestrda (DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsi) şəxsin məhkumluğu ilə bağlı qeyd və ya məlumat saxlanılır ki, bu da ilk baxışdan institutun preventiv tədbirdən daha çox prosessual yükə çevrildiyini göstərir. Belə ki, bir sıra vəzifələrə qəbul zamanı məhkumluq haqqında arayışın tələb edilməsi, xüsusilə pedaqoji, dövlət qulluğunda və hüquq-mühafizə orqanlarında fəaliyyət göstərmək imkanlarının məhdudlaşdırılması, eləcə də seçki hüququnun həyata keçirilməsinə təsir edən qanuni məhdudiyyətlər şəxsin keçmiş məhkumluğunun onun sonrakı sosial və hüquqi vəziyyətinə təsirsiz ötüşmədiyini göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra - AİHM) mövqeyinə görə məhkumluqla bağlı qeydin fərdi qiymətləndirmə (review) aparılmadan hər bir iş yerinə təqdim edilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, hər bir halda hüquqpozmanın ağırlıq dərəcəsi, hansı şəraitdə baş verməsi, üzərindən nə qədər vaxt keçməsi və şəxsin müraciət etdiyi işin xarakteri mütləq nəzərə alınmalıdır. Əks halda, bu məlumatların fərq qoyulmadan işəgötürənə açıqlanması şəxsin özəl həyatına mütənasib olmayan müdaxilədir2 və hüquqi müəyyənlik tələbinə cavab vermir.3
Lakin nəzərə almaq lazımdır ki, dövlət orqanı öz müdaxiləsinin digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni, zəruri və mütənasib olduğunu əsaslandırdıqda müdaxilə yol veriləndir. Dövlət təkcə cinayətkara qarşı deyil, potensial qurbanlara qarşı da pozitiv öhdəliklər daşıyır. Bu baxımdan, məhkumluğun müəyyən vəzifələrə qəbul zamanı nəzərə alınması və bu barədə arayışın tələb edilməsi legitim məqsədə xidmət edir. Belə ki, hüquq-mühafizə orqanlarının fəaliyyəti ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və şəxslərin pozulmuş hüquqlarının bərpası ilə bağlıdır. Həmin orqanların əməkdaşları xidməti fəaliyyətləri çərçivəsində şəxslərin hüquq və azadlıqlarına ciddi təsir göstərə bilən səlahiyyətlər həyata keçirdiklərindən, onların etibarlılığına, dürüstlüyünə və qanuna bağlılığına dair yüksək tələblərin müəyyən edilməsi əsaslıdır. Eyni zamanda, dövlət qulluğunda belə tələblər vətəndaşların dövlət orqanına və onun vəzifəli şəxslərinə qarşı olan etimad hüququnun qorunmasına, vəzifə səlahiyyətlərindən sui-istifadənin qarşısının alınmasına və dövlət orqanlarının fəaliyyətinin etibarlılığının təmin edilməsinə xidmət edir. Məhkumluq haqqında arayışın tələb edilməsi dolayı yolla digər əməkdaşların təhlükəsiz əmək şəraitində işləmək və konstitusion hüquq və azadlıqlarını maneəsiz həyata keçirmək maraqlarının qorunması baxımından əhəmiyyətlidir.
Bununla belə, məhkumluq barədə məlumatların dövlət reyestrində saxlanılması şəxsin, xüsusilə qeyri-dövlət sektorunda və xüsusi məhdudiyyətlərin tətbiq edilmədiyi digər əmək fəaliyyətlərində məşğulluq imkanlarının məhdudlaşdırılması üçün əsas hesab edilməməlidir. Belə hallarda əvvəlki məhkumluğun əmək münasibətlərinə təsiri qiymətləndirilərkən törədilmiş cinayətin xarakteri və ağırlığı, məhkumluğun ödənilməsindən və ya götürülməsindən sonra keçən müddət, şəxsin sonrakı davranışı, habelə törədilmiş əməllə həyata keçirilməsi nəzərdə tutulan əmək funksiyası arasındakı əlaqə nəzərə alınmalıdır.4 Dövlət şəxslərin hüquqlarını o halda məhdudlaşdıra bilər ki, tədbir: 1. legitim məqsədlərə xidmət etsin; 2. zəruri olsun; 3. mütənasiblik prinsipinə zidd olmasın.
Vurğulamaq lazımdır ki, bir sıra hüquq ədəbiyyatlarında məhkumluq institutunun non bis in idem, yəni eyni əmələ görə şəxsin iki dəfə cəzalandırılmaması prinsipi ilə ziddiyyət təşkil etdiyi göstərilir. Əgər şəxs A cinayətini törədib cəza çəkibsə, daha sonra B cinayətini törədərkən A cinayətinə görə məhkumluğunun olması B cinayətinin cəzasını ağırlaşdırırsa, şəxs A cinayətindəki məhkumluq faktına görə ikinci dəfə "cəzalandırılmış" olur. Şəxs A cinayətinə görə bir dəfə cəza çəkib, amma həmin məhkumluq B cinayətində onun əleyhinə istifadə edilərək cəzasını artırır. Bəzi alimlər bunu non bis in idem prinsipinin dolayı pozuntusu hesab edirlər. Timofeyev və Postupkin Rusiyaya qarşı (2021) işində, qərarın 70–82-ci və 86–87-ci bəndlərində AİHM-i məhkum olunmuş şəxslər üzərində inzibati nəzarətin həyata keçirilməsinin Konvensiyanın 7-ci maddəsi (no punishment without law) mənasında “cəza” təşkil etmədiyini müəyyən etmişdir. Tədbirin “cəza” sayılması üçün onun konkret cinayətdən doğan sanksiya olması zəruridir.5 AİHM-in yanaşmasına görə məhkumluq cəzanın özü deyil, hökmün hüquqi nəticəsi kimi meydana çıxan və müəyyən müddət davam edən hüquqi vəziyyətdir (statusdur). Bu statusdan irəli gələn məhdudiyyətlər isə şəxsi keçmiş əməlinə görə cəzalandırmağa yox, ictimai maraqların və ictimai təhlükəsizliyin qorunmasına xidmət edir. Buna görə də həmin tədbirlər Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi (right not to be tried or punished twice) mənasında şəxsin cinayət mühakimə icraatı çərçivəsində yenidən cəzalandırılması hesab edilməmişdir.6 Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin 10.10.2013-cü il tarixli, 20-P nömrəli Qərarının 2.2 və 3-cü bəndlərində bu məsələ ilə bağlı qeyd edilmişdir ki, məhkumluğun olması ilə bağlı qanunla müəyyən edilmiş məhdudiyyətlər (o cümlədən passiv seçki hüququnun, bir sıra yerlərdə işləmək hüququnun məhdudlaşdırılması) cinayət-hüquqi cəza mahiyyəti daşımır. Bu tədbirlər şəxsin təkrar cəzalandırılması (double jeopardy) deyil, Konstitusiya quruluşunun əsaslarını, dövlətin təhlükəsizliyini və publik maraqları qorumaq üçün tətbiq edilən preventiv xarakterli xüsusi çəkindirici təhlükəsizlik tədbiridir.
Ümumiləşdirsək, şəxsin cəzasını çəkib qurtarması onun tamamilə islah olunması anlamına gəlmir. Kriminoloji reallıq göstərir ki, cinayətin təkrar törədilməsi riski cəza çəkilib bitdikdən sonra da yüksək olur. Məhkumluq müddəti şəxs üçün bir “sınaq dövrü” (probationary status) rolunu oynayır. Dövlət bu yolla bir növ şəxsin üzərinə cəmiyyətə tam inteqrasiya olunmasını, müəyyən müddət çərçivəsində həqiqətən də islah olunduğunu və ya kriminogen risk daşımadığını sübut etmə öhdəliyi qoyur. Bu baxımdan məhkumluq institutu ictimai təhlükəsizliyin, ictimai qaydanın təmin olunması, şəxslərin tam mənada islah olunaraq cəmiyyətə qaytarılması, digər şəxslərin konstitusion hüquqlarının qorunması baxımından zərurətdir, lakin bu zərurət şəxsin qanunla təmin edilmiş hüquqlarından istifadə etmək və əmək fəaliyyəti ilə məşğul olmaq imkanlarını qeyri-müəyyən müddətə məhdudlaşdırmamalı, məhkumluq institutunu şəxs üçün mütənasib olmayan hüquqi yükə çevirməməlidir.
Библиография
- Azərbaycan Respublikası Konstitusiyasının 28 və 71-ci maddələrinin II hissəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinə münasibətdə şərh edilməsinə dair AR KM Plenum qərarı
- Article 8 (right to respect for private and family life) of ECHR
- M.M. v. the United Kingdom (2012)
- Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin 10 oktyabr 2013-cü il tarixli qərarı, § 3.2
- Welch v. the United Kingdom, 1995, § 28
- Guide on Article 4 of Protocol No. 7 to the European Convention on Human Rights
Другие языковые версии
Конец статьи
Обсуждение
Комментариев пока нет. Ваш может стать первым.
