Ətraf Mühit HüququAZ
Küçə İtlərinin Hüquqi Statusu və Dövlətin Bona Fide Öhdəliyi
Xülasə
Ətraf Mühit Hüququ
Məqalədə insan təhlükəsizliyi ilə sahibsiz heyvanların mühafizəsi arasındakı hüquqi balans, dövlətin bona fide(yaxşı niyyət) öhdəliyi müstəvisində təhlil edilir. ABŞ və Avropa yanaşmaları təhlil edilərək Azərbaycan qanunvericiliyi ilə müqayisə edilir. Vətəndaş təhlükəsizliyi və canlılara hörmət göstərilməsi vəzifəsi prizmasından dövlətin bu məsələylə bağlı siyasəti araşdırılaraq bu mövzuda bəzi məsləhətlər verilir.

Rəsmi PDF versiyası
Məqalə Hüquq Bloqunda dərc olunduğu kimi — orijinal səhifələri və qeydləri ilə.
Yer kürəsi mövcud olduğu müddətcə yalnız insanlara deyil, həmçinin də digər canlılara, xüsusən də heyvanlara məskən olmuşdur. Təbiətin qanunlarını nəzərə alaraq, insanın insanı məhv etməyə çalışdığı kimi, heyvanın da insanı məhv etmə cəhdlərini danmaq olmaz. Bu səbəbdən, dövlət sahibsiz heyvanları xüsusən də itləri nəzarətdə saxlayır, çalışır ki, insanı küçə itlərinin hücumlarından, onlardan gələ biləcək xəstəliklərdən, yaratdıqları qorxu və stressdən qorusun. Belə ki, dövlət vətəndaşına təhlükə yaranmasın deyə, preventiv məqsədlərlə mütəmadi olaraq sahibsiz itləri küçələrdən toplayır və çox zaman onları məhv edir.
ABŞ-ın rəngarəng məhkəmə qərarları olduğundan bu mövzu ilə əlaqədar ilk öncə onların mövqelərini analiz etmək məqsədəmüvafiqdir. ABŞ Ali məhkəməsi 1890-cı illərdə heyvanların hüquqi statusuna çox sərt yanaşma göstərmişdir. Bir çox ölkələr, Azərbaycan daxil olmaqla heyvanlara əşya hüququnun rejimini tətbiq edirlər və bir heyvanı saxlamaq onun mülkiyyətçisi olmağa bərabər tutulur. ABŞ-da da oxşar yanaşma var, lakin ABŞ Ali məhkəməsi Sentell v New Orleans & Carrollton R.Co. (1897) qərarında itləri digər ev heyvanlarından da ayıraraq onların dəyərini at, inək və s kimi heyvanlardan da aşağı müəyyən etmişdir. Məhkəməyə əsasən nəinki küçə itlərinin, heç kiminsə mülkiyyətində olan itlərin də universal dəyəri yoxdur. Bəzi itlər sadiq olsalar belə, bir çox itlər əsasən təhlükləli və cəmiyyət üçün narahatlıq yaradan amil kimi qiymətləndirilmişdir. Hətta, məhkəmə burada tarixi elementlərdən də bəhs etmiş və əlavə etmişdir ki, qanunvericinin “heyvanları qoruma” təşəbbüsü itlərin statusunu bütövlüklə əhatə etmir və “vəhşi” it insanların düşməni olduğundan onlar onun həyatına hörmət etməyə məcbur deyildir. Ev heyvanlarına gəldikdə isə onlar bir şəxsin mülkiyyəti kimi çıxış etdiyindən kənar təsirlərə qarşı qorunmaq hüquqları tanınır. Digər əmlaka necə zərər vurmaq olmazsa, bir şəxsin də itinə zərər vurulması qadağandır. Lakin, bu qadağalar polis orqanları timsalında dövlətə bu qədər qatı şamil edilmir. Dövlət polisin hüquqlarından “bona fide” prinsipinə uyğun olaraq istifadə etməlidir. Məhkəmə “bona fide” prinsipini çox dar formada şərh edir. İzaha əsasən, şəxslərin xüsusi mülkiyyətləri statusu daşıyan ev heyvanları belə cəmiyyətin sağlamlığı, dincliyi və mənafeyi naminə müdaxiləyə məruz qala, hətta məhv edilə bilər. Nəzərə alsaq ki, sahibsiz küçə itləri ev heyvanlarından da aşağı statusa malikdir, belə çıxır ki, dövlət onları məhv etməkdə daha da sərbəst davrana bilər.1 Bu “case” köhnə olsa da, ABŞ məhkəməsinin göstərdiyi münasibətin kifayət qədər sərt olmasına işarədir. Məhkəmə itlərin ictimai təhlükəliliyinə fokuslanaraq onların bəşəriyyətə göstərdikləri faydanı heç nəzərə almamışlar. Dəfələrlə küçə itlərinin boğulan uşağı xilas etdiyini, yolu keçən yaşlı nənəyə yoldaşlıq etdiyini, zəlzələ və digər təbii fəlakətlərdən öncə insanlara xəbərdarlıq etdiyi hər kəs tərəfindən məlum faktlardır. Hər bir halda söhbət insanın özü düzəltdiyi sadə əşyalardan yox bizimlə eyni məkanı bölüşən canlılardan gedir.
Vurğulamaq lazımdır ki, məqalə Azərbaycanın küçə itlərini yığıb məhv etməsinə, Amerika məhkəməsinin dövlətin küçə heyvanlarını öldürmə haqqının olduğunu deməsinə zidd mövqedən çıxış etmir. Sağlam məntiq çərçivəsində düşündükdə aydın məsələdir ki, dövlət özü insan və onun rifahının təmin edilməsi prinsipi üzərinə qurulmuşdur və vətəndaşının təhlükəsizliyini təmin etməlidir. Amma sırf insan rahat yaşasın deyə, küçədəki itin özbaşına qaydada birbaşa öldürülməsi ABŞ Məhkəməsinin iddia etdiyi “bona fide” prinsipinin düzgün şərh və tətbiqiylə uyğunlaşırmı ya yox, bu ayrı bir sualdır. Unutmamaq lazımdır ki, arzulanan yekuna aparan yol ədalətli və vicdanlı olmalıdır.
Amerikanın sərt yanaşması ilə paralel Avropa yanaşmasına da istinad edilməsi vacibdir. Avropa İnsan Haqları Məhkəməsi (bundan sonra – AİHM) Georgel və Georgeta Stoicescu Rumıniyaya qarşı işində küçə itlərinə aid məsələyə toxunmuşdur. Belə ki, həmin işdə yaşlı qadın 7 küçə iti tərəfindən evinin önündə hücuma məruz qalmış, məhz həmin hücum səbəbindən səhhətində geriləmələr yaşamışdır. O, sümükləri qırıldığından 4 gün xəstəxanada yatmış, ordan çıxdıqdan sonra da sağlamlığında uzunmüddətli problemlər yaşamışdır. Hücumun təsiri o qədər böyük olmuşdur ki, hətta dövlət ona əlil statusu vermişdir. O, AİHM-də 8-ci maddə zəminində iddia qaldırmışdır. Onun mövqeyinə əsasən Rumıniya dövləti küçə itlərinin idarəçiliyini layiqincə etməmiş, bu tip hücumların qarşısını almaq üçün kifayət qədər tədbirlər görməmişdir. Nəticədə onun fiziki toxunulmazlığı və şəxsi həyatına zərər dəymişdir.2 AİHM mübahisəni həll edərkən dövlətin vətəndaşını qorumaq üçün daşıdığı pozitiv öhdəliklərə istinad etmişdir.3 Məhkəmə qeyd etmişdir ki, son illər ərzində küçə itlərinin hücumlarının sayı kəskin artmış və nəticədə bir çox vətəndaşa zərər dəymişdir. Rumıniya dövlətinin bu məsələylə əlaqədar qanunvericilik sistemi qurma cəhdləri mövcud olsa belə, onların tətbiq etdikləri siyasət problemin qarşısını almaqda aciz olmuş və insanlar yaralanmağa dəvam etmişdir. AİHM həmçinin vurğulamışdır ki, bir məhkəmə olaraq dövlətlərə küçə itləriylə necə rəftar etməli olduqlarını diktə etmə hüquqları yoxdur, lakin əgər bu tip hücumlar baş verirsə dövlət vətəndaşın şəxsi həyatını qorumaq öhdəliyini pozur çünki sistem elə formada yaradılmalıdır ki, küçə itləri vətəndaşların həyatına maneə törətməsin.4 AIHM 2024-cü ildə baş tutmuş Executief Van De Moslims Van Belgie və başqaları Belçikaya qarşı işində isə heyvanların təhlükəsizlik və rifahını dövlətin legitim məqsədlərindən biri hesab etmişdir.5 Yəni bu 2 məhkəmə işinə birlikdə nəzər salınarsa, Avropa yanaşmasının insanın şəxsi həyatı ilə heyvanların rifahını balanslaşdırmağa çalışdığını görmək mümkündür.
Azərbaycan hüququ çərçivəsinə nəzər salsaq bu barədə konkret məhkəmə aktı olmasa da, müəyyən qanunvericilik çərçivəsini görmək mümkündür. “Ev heyvanlarının mühafizəsi haqqında” konvensiyanın preambulasında da məqsədlərdən biri kimi insanın bütün canlılara hörmətlə yanaşmalı olduğu xüsusi vurğulanmışdır.6 Buna görə də “bona fide” prinsipi bu hədəfin realizə olunmasına yönəlməlidir. “Yaxşı niyyət” canlıya şans verməklə əlaqələndirilə bilər. Konvensiya ilk baxışdan sahibsiz itlərin vətəndaşların mənafeyi naminə öldürülməsini qadağa etmir, amma bu prosesin necə baş tutmalı olmasına dair tələblər qoyur. Dövlətin ilkin məqsədi heyvanı birbaşa öldürüb asan, tez və üzdə ən effektiv görünən üsula əl atmaq olmamalıdır. Törədilən cinayət üçün cəza təyin edərkən ölüm daim insan üçün ən son seçim olub, eyni prinsipi analogiya üzrə küçə itlərinə də şamil etmək olar. İlk öncə bir monitorinq aparılmalıdır. Monitorinqdə hansı ərazilərdə sahibsiz itlərin daha çox məskunlaşması, niyə məhz həmin ərazilərdə yaşamaları araşdırılmalı, ərazini daim istifadə edən əhalinin narazıçılıqları və təklifləri dinlənilməlidir. Daha sonra isə toplanan məlumatlar təhlil edilərək, itlərlə bağlı məlumatlar “registrasiyaya” alınmalıdır. Formalaşdırılmış siyahılar üzrə itlər ümumi qaydada yoxlanılmalıdır. Sağlam olanların sahibliyə götürülmə ehtimalı kifayət qədər var, dövlət xüsusi bir qürum yaratsa və ya bu işi hansısa bir QHT, ictimai birlik və s öz üzərinə götürsə bir çox küçə itlərini küçələrdən öldürmədən yığışdırmaq mümkündür. Alternativ yol olaraq isə konvensiyada da nəzərdə tutulduğu kimi, təhlükəsiz hesab edilən küçə itləri sığınacaqlara verilə bilər.7
Aydın məsələdir ki, küçə itlərinin sayı az deyildir. Sığınacaqlar və ya sahiblənmək arzusunda olan şəxslərin sayı isə məhduddur. Bu “bəhanələr” dövləti insanları sahibsiz heyvanlardan gəlmə ehtimalı olan təhlükələrdən qorumaq vəzifəsindən azad etmir. Əvvəl axır, ən azı xəstə itləri öldürmək qaçınılmaz olacaqdır. Bu zaman da dövlət “yaxşı niyyət” prinsipindən qaçmamalıdır. Bu prinsip geniş şərh edilməyə dəvam edəcəkdir. Konvensiyanın 11-12-ci maddələrinin təhlilindən görünür ki, heyvanın həyatına son qoymaq onu güllələməyə, boğmağa, amansızca davranaraq öldürməyə bərabər deyil. Ona minimum fiziki və mənəvi əzab verərək öldürmək lazımdır.8
Balanslaşdırarkən görünür ki, insanın təhlükəsizliyi və həyatı bu məsələdə daim tərəzinin daha ağır gözündə duracaqdır. Sahibsiz heyvanların status və aqibətini tənzimləyərkən ən vacib məqam yəni ən geniş çətir vicdanlılıqdır. Yuxarıda izah edilmiş məqamları 3 prinsipə belə bölmək olar: “yer kürəsində insanlarla yanaşı digər canlıların da həyatına hörmət edilməsi”, “ölümün son çarə kimi qiymətləndirilməsi” və “heyvanlara münasibətdə yaxşı niyyətlə çıxış etmək.” Nəticədə, dövlətin küçə itlərini nəzarətdə saxlayıb onları məhv etməsi qanunilik baxımdan özlüyündə konflikt yaratmır, sadəcə olaraq həmin məqsəd və hərəkətin həyata keçirilməsi zamanı sadalanmış prinsiplərə riayət etmək mütləqdir.
Biblioqrafiya
- Sentell v. New Orleans & Carrollton R.R. Co., 166 U.S. 698 (1897). https://supreme.justia.com/cases/federal/us/166/698/
- Georgel and Georgeta Stoicescu v. Romania, App. No. 9718/03, § 6-10 (ECtHR July 26, 2011).
- Id. § 48-52.
- Id. § 59-70.
- Executief van de Moslims van België and Others v. Belgium, App. Nos. 16760/22 and 10 others, § 63 (ECtHR Feb. 13, 2024).
- Ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu [Law of the Republic of Azerbaijan on Approval of the European Convention for the Protection of Pet Animals] No. 492-IIQ, pmbl (May 30, 2003).
- Ev heyvanlarının mühafizəsi haqqında Qanun [Law No. 492-IIQ], art. 12.
- Id. § 11-12.
Məqalənin sonu
Oxucu müzakirəsi
Hələ şərh yoxdur. İlk şərhi siz yaza bilərsiniz.