Texnologiya və hüquqAZ
Ölümdən sonra rəqəmsal həyat: sosial media hesabları vərəsəlik predmetinə çevrilə bilərmi?
Xülasə
Texnologiya və hüquq
Rəqəmsal texnologiyalar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu səbəbdən şəxsin ölümündən sonra ona məxsus sosial media hesablarının və rəqəmsal məzmunun hüquqi taleyi mühüm məsələyə çevrilir. Bu aktivlərin vərəsəlik predmetinə daxil edilməsi yalnız əmlak hüquqları ilə deyil, həm də şəxsi həyatın toxunulmazlığı, yazışmaların məxfiliyi və üçüncü şəxslərin hüquqları ilə bağlı suallar yaradır. Azərbaycan qanunvericiliyində rəqəmsal mirasın ayrıca tənzimlənməməsi bu sahədə müəyyən hüquqi boşluqlar yaradır. Bu boşluqların aradan qaldırılmasını araşdırmaq məqsədilə məqalədə Almaniya Federal Ali Məhkəməsinin müvafiq qərarı və ABŞ-da hazırlanmış RUFADAA model aktı təhlil edilərək xarici təcrübənin Azərbaycan hüququ üçün əhəmiyyəti qiymətləndirilir. Araşdırmanın əsası rəqəmsal hesabların hüquqi mahiyyətini müəyyən etməkdir. Bu baxımdan, hesabların vahid hüquqi obyekt kimi deyil, onların tərkibindəki hüquq və məlumatların xarakterinə uyğun qiymətləndirilməsinin zəruriliyi əsaslandırılır.

Rəsmi PDF versiyası
Məqalə Hüquq Bloqunda dərc olunduğu kimi — orijinal səhifələri və qeydləri ilə.
GİRİŞ
Müasir dövrdə rəqəmsal texnologiyaların inkişafı insanların gündəlik həyatına əhəmiyyətli dərəcədə təsir göstərir. Şəxsi və sosial fəaliyyətin mühüm bir hissəsi artıq rəqəmsal mühitdə, xüsusilə mobil cihazlar və onlayn platformalar vasitəsilə həyata keçirilir. Bu mühitdə illər ərzində topladığımız xatirələr, şəxsi yazışmalar, fotoşəkillər, yaratdığımız məzmun və hətta iqtisadi dəyərə malik aktivlər saxlanılır. Həmin hesablar bəzilərimiz üçün sadəcə ünsiyyət vasitəsi olsa da, digərləri üçün şəxsi brendin, peşəkar fəaliyyətin və gəlir mənbəyinin ayrılmaz hissəsinə çevrilib. Lakin rəqəmsal həyatımızın bu qədər genişlənməsinə baxmayaraq, çox vaxt diqqətimizdən kənarda qalan bir sual ortaya çıxır: insan vəfat etdikdə onun rəqəmsal həyatı da sona çatırmı?
Təsəvvür edin ki, illərlə fəaliyyət göstərdiyiniz YouTube kanalınız ölümünüzdən sonra da izlənilir və gəlir gətirməyə davam edir, Instagram hesabınızda şəxsi fotoşəkilləriniz və yazışmalarınız, elektron poçtunuzda isə mühüm sənədlər qalır. Bu halda həmin hesablar və aktivlər kimə məxsus olur? Vərəsələriniz onları əldə edə, idarə edə və ya onlardan gəlir götürə bilərlərmi? Bəs şəxsi yazışmalarınızın və rəqəmsal xatirələrinizin taleyi necə müəyyən edilməlidir? Texnologiyanın inkişafı ilə insanların malik olduğu əmlakın və yaratdığı dəyərin əhəmiyyətli hissəsinin rəqəmsal formada mövcud olması ənənəvi vərəsəlik hüququnun bu yeni münasibətlərə necə tətbiq ediləcəyi məsələsini aktuallaşdırır. Burada hüququn qarşısında duran əsas məsələ isə yalnız həmin rəqəmsal aktivlərin kimə məxsus olması deyil, insan öldükdən sonra onun rəqəmsal həyatının kim tərəfindən və hansı həddə qədər davam etdirilə bilməsidir.
I FƏSİL. SOSİAL MEDİA HESABLARININ HÜQUQİ TƏBİƏTİ VƏ AZƏRBAYCAN QANUNVERİCİLİYİNDƏ TƏNZİMLƏNMƏSİ
1.1. Mirasın tərkibi və rəqəmsal aktivlərin vərəsəlik qaydasında keçməsi
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Məcəllə) 1151.1-ci maddəsi mirasın tərkibini müəyyən edərək miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) məcmusunu miras əmlak kimi nəzərdə tutur. Bununla belə, miras qoyana məxsus olan bütün hüquq və vəzifələr avtomatik olaraq vərəsələrə keçmir. Məcəllənin 1153-cü maddəsinə əsasən, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən hüquq və vəzifələr, eləcə də qanun və ya müqavilə ilə yalnız müvafiq şəxslərin sağlığında qüvvədə olan hüquq və vəzifələr mirasın tərkibinə daxil edilmir. Göründüyü kimi mövcud qanunvericilikdə sosial media hesabları, elektron poçtlar və digər rəqəmsal aktivlərin vərəsəlik qaydasında keçidini birbaşa tənzimləyən xüsusi normalar nəzərdə tutulmayıb. Bu vəziyyət rəqəmsal aktivlərin mirasın tərkibində yerinin müəyyən edilməsi, onların əmlak və şəxsi xarakterli elementlərinin fərqləndirilməsi, eləcə də vərəsələrin bu aktivlər üzərində hüquqlarının hüdudlarının müəyyən olunması baxımından bir sıra hüquqi suallar doğurur.
Bu məsələnin hüquqi qiymətləndirilməsi baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarı əhəmiyyət kəsb edir[1]. Plenum qərarı Mülki Məcəllənin 1151 və 1153-cü maddələrini şərh edərək, mirasın tərkibinə maddi dəyərə malik və hüquqi təbiətinə görə ötürülə bilən hüquq və öhdəliklərin daxil olduğunu qeyd etmişdir. Qərarda rəqəmsal aktivlərə dair birbaşa mövqe ifadə edilməsə də, bu yanaşma onların hüquqi qiymətləndirilməsi üçün başlanğıc nöqtəsi ola bilər. Başqa sözlə, rəqəmsal hesab vahid hüquqi obyekt kimi deyil, onun daxilində mövcud olan hüquq və məlumatların xarakterindən, eləcə də ötürülə bilmə xüsusiyyətlərindən asılı olaraq fərqli hüquqi rejimlər çərçivəsində qiymətləndirilməlidir.
1.2. Sosial media hesablarının hüquqi təbiəti və platforma şərtləri
Sosial şəbəkə hesablarının vərəsəlik predmetinə aid olub-olmadığını müəyyən etmək üçün ilk növbədə onların hüquqi təbiətini aydınlaşdırmaq lazımdır. Məcəllənin 135.2-ci maddəsinə əsasən, əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin məcmusudur. Həmin Məcəllənin 135.5-ci maddəsi isə başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda, yaxud başqalarından müəyyən hərəkətləri tələb etmək hüququ verən tələb və hüquqları qeyri-maddi əmlak nemətləri kimi müəyyən edir. Deməli, sosial media hesabının qeyri-maddi əmlak neməti sayılması üçün onun ya başqa şəxsə verilə bilməsi, ya da sahibinə maddi fayda və ya müəyyən hərəkətləri tələb etmək hüququ verməsi tələb olunur. Bu meyarlar baxımından məsələ birmənalı deyil. Hesabın yaradılması və istifadəçinin onu idarə etməsi özlüyündə həmin hesab üzərində mülkiyyət hüququnun yaranması demək deyil. İstifadəçi platformadan xidmətin göstərilməsini tələb edə bilər, lakin bu, hesabın özünün başqa şəxsə verilə bilən obyekt olması anlamına gəlmir. Eyni zamanda, hesabın sahibinə gəlir gətirdiyi hallarda (məsələn, kommersiya məqsədilə istifadə olunan hesablar) onun əmlak dəyərinə malik olması barədə mübahisə yarana bilər. İstifadəçinin hüquqi mövqeyi, ilk növbədə, platformanın təqdim etdiyi xidmətlərdən istifadə hüququ və müvafiq istifadə şərtləri ilə müəyyən olunur.
Bu fərq platformaların standart şərtlərində də özünü göstərir. Məsələn, Instagram-ın istifadə şərtləri hesabın və ya ondan əldə edilmiş məlumatların satılmasını, lisenziyalaşdırılmasını və ya alınmasını qadağan edir. Meta-nın (Facebook) xidmət şərtləri də istifadəçinin şərtlərdən irəli gələn hüquq və öhdəliklərini şirkətin razılığı olmadan başqasına ötürməsini məhdudlaşdırır. Qeyd etmək lazımdır ki, hesabın ötürülməsinə qoyulan bu məhdudiyyətlər platformaları istifadəçinin ölümü ilə bağlı xüsusi mexanizmlər yaratmaqdan çəkindirməmişdir.
Məsələn, Meta-nın İcma Standartlarının “Memorialization” bölməsinə əsasən, şəxs vəfat etdikdə dostları və ailə üzvləri onun hesabının memorializasiya edilməsini tələb edə bilər.[2] Facebook-da istifadəçi sağlığında “legacy contact” təyin edə bilər. Lakin bu şəxs mərhumun adından paylaşım edə, mesaj göndərə, mövcud paylaşımları silə bilməz, yalnız profil və örtük şəklini dəyişə, xatirə yazısı sabitləyə və səhifənin silinməsini tələb edə bilər. Instagram-da hesab ya memorializasiya olunur, ya da silinir: memorializasiyanı sorğu əsasında həyata keçirir, silinməsini isə yalnız təsdiqlənmiş yaxın ailə üzvləri tələb edə bilər, bunun üçün ölüm şəhadətnaməsi və ya qanuni nümayəndəlik sübutu tələb olunur. Bundan əlavə, Instagram hesabın məzmununu, o cümlədən şəxsi mesajları ailə üzvlərinə və ya icraçılara vermir. Google isə fərqli yanaşma tətbiq edir. Inactive Account Manager vasitəsilə istifadəçi hesab müəyyən müddət istifadə olunmadıqda məlumatların bir hissəsini etibar etdiyi şəxslə paylaşa və ya həmin şəxsi xəbərdar edə bilər. Plan qurulmayıbsa, Google iki il fəaliyyətsiz qalan hesabı və məlumatları silmək hüququnu özündə saxlayır, vəfat etmiş şəxsin hesabının bağlanması üçün isə yaxın ailə üzvləri və nümayəndələrlə əməkdaşlıq edə bilər.[3]
Beləliklə, sosial şəbəkə hesabının istifadəçi tərəfindən idarə edilməsi onun hesab üzərində mülkiyyət hüququna malik olması və həmin hüququn vərəsələrə keçməsi ilə eyniləşdirilə bilməz. Məcəllənin 135.5-ci maddəsində nəzərdə tutulan ötürülə bilmə meyarı və 1153-cü maddənin məhdudiyyətləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Əsas məsələ mövcud mülki qanunvericiliyin və platformaların müqavilə şərtlərinin bu münasibətləri tənzimləmək üçün nə dərəcədə yetərli olmasıdır. Bu məsələyə fərqli hüquq sistemlərində verilən yanaşmalar isə müqayisəli təhlil üçün ayrıca əhəmiyyət kəsb edir.
II FƏSİL. XARİCİ HÜQUQİ TƏCRÜBƏ
2.1. Almaniya məhkəmə təcrübəsində rəqəmsal hesabların vərəsəliyi
Rəqəmsal hesabların vərəsəlik hüququ baxımından qiymətləndirilməsinə dair mühüm yanaşmalardan biri Almaniya Federal Ədalət Məhkəməsinin (Bundesgerichtshof – BGH) 12 iyul 2018-ci il tarixli III ZR 183/17 saylı qərarında öz əksini tapmışdır.[4] Mübahisənin predmeti 15 yaşında qatar qəzasında həlak olmuş qızın Facebook hesabına valideynlərin giriş tələbi idi. Valideynlər qızın ölümdən əvvəl intihar niyyətinin olub-olmadığını öyrənmək və qatar sürücüsünün irəli sürdüyü zərər tələblərindən müdafiə olunmaq üçün girişə ehtiyac duyurdular. Platforma hesabı ölümdən sonra “memorial vəziyyətinə” keçirdiyindən, valideynlər düzgün giriş məlumatlarına malik olsalar belə, hesaba daxil ola bilməmişdilər.
BGH-nın əsaslandırmasının əsası ondan ibarətdir ki, giriş tələbi hesaba və ya məzmuna olan mülkiyyət hüququndan deyil, istifadəçi ilə platforma arasında bağlanmış müqavilədən irəli gəlir. Məhkəmə əvvəlcə müəyyən etmişdir ki, ölən qız valideynlərinin razılığı ilə platforma ilə hesabın yaradılması və istifadəsinə dair öhdəlik müqaviləsi bağlamışdır. Bu müqavilədən isə platformanın istifadəçiyə hesaba və orada saxlanılan məzmuna giriş imkanı verməsi öhdəliyi doğur. Daha sonra məhkəmə həmin müqavilənin Almaniya Mülki Məcəlləsinin (BGB)[5] 1922-ci maddəsinin birinci bəndində təsbit olunmuş universal hüquq varisliyi prinsipinə əsaslanaraq, istifadəçi müqaviləsinin və onunla bağlı hüquq və öhdəliklərin vərəsələrə keçdiyini qəbul etmişdir. Nəticədə vərəsələr müqavilənin tərəfi kimi həm əmlak xarakterli, həm də şəxsi xarakterli rəqəmsal məzmuna giriş tələb etmək hüququ qazanırlar. Bu tələbin vərəsəlik qaydasında keçməsinə nə postmortal şəxsiyyət hüququ, nə telekommunikasiya sirri, nə də fərdi məlumatların qorunması qaydaları və yazışma tərəfdaşlarının ümumi şəxsiyyət hüququ mane olur.[6] Qərarın praktik əhəmiyyəti istifadəçi müqaviləsinin vərəsəlik hüququ vasitəsilə həll olunmasındadır. Bu yanaşma hesabdakı məzmunun xarakterindən və saxlanıldığı mühitdən asılı olmayaraq, vərəsələrin hüquqi mövqeyini müqavilə münasibətinin varisliyi ilə izah edir. Məhkəmə bu nəticəni rəqəmsal və fiziki məzmunun eyni hüquqi rejimə tabe olması ilə də əsaslandırır: məktub və gündəliklər vərəsəlik qaydasında keçdiyi kimi, onların rəqəmsal analoqları da fərqli qiymətləndirilməməlidir.
Beləliklə, bu nəticə vərəsələrin hüquqi mövqeyini gücləndirsə də, üçüncü şəxslərin şəxsi həyatının toxunulmazlığı və fərdi məlumatlarının qorunması problemi öz aktuallığını saxlayır. Elektron poçt və sosial media hesablarında yalnız hesab sahibi haqqında deyil, onunla ünsiyyətdə olan digər şəxslər haqqında da şəxsi məlumatlar, o cümlədən ailə həyatı, maliyyə vəziyyəti və ya digər həssas məsələlərə dair məlumatlar ola bilər. Şəxsi yazışmalar ikitərəfli xarakter daşıdığından, yazışmanın digər iştirakçısı paylaşdığı məlumatın hesab sahibinin ölümündən sonra vərəsələrə əlçatan olacağını gözləməyə bilər. Bu baxımdan vərəsəyə hesabın məzmunu üzərində məhdudiyyətsiz giriş hüququnun verilməsi yalnız ölən şəxsin deyil, həm də onunla ünsiyyətdə olmuş üçüncü şəxslərin şəxsi həyatına müdaxilə riski yaradır.
Məhkəmənin mövqeyinə görə, platformanın öhdəliyi mesajı konkret şəxsə deyil, göndərənin seçdiyi hesaba çatdırmaqdan ibarətdir, buna görə göndərən şəxs hesabın vərəsələrə keçməsi nəticəsində mesajın onlara məlum ola biləcəyini nəzərə almalıdır. Bir şəxsin ölümündən sonra onun hüquq və maraqları müəyyən mənada vərəsələri tərəfindən davam etdirilə bilər. Lakin şəxsi yazışmalarda iştirak edən digər şəxslər sağdırlar və onların şəxsi həyatın toxunulmazlığı hüququ hesab sahibinin ölümü ilə sona çatmır. BGH-nın özü də nəticəsini konkret işin hallarına, xüsusilə məlumatlara yalnız iki nəfərlik vərəsə dairəsinin çıxış əldə etməsinə və onların eyni zamanda ölənin ən yaxın qohumları olmasına söykəndirmişdir. BGH qərarında üçüncü şəxslərin hüquqlarının nəzərə alınmaması kimi ümumi nəticə çıxarılmır. Məhkəmə onların maraqlarını qiymətləndirir və sadəcə konkret işdə vərəsələrin maraqlarının üstün gəldiyi qənaətinə gəlir. Burada vərəsələrin yalnız iki valideyn olması, onların mərhumun ən yaxın qohumları olması və məlumatların məhdud dairədə əldə edilməsi də əhəmiyyət daşıyır.
Bu səbəbdən Almaniya məhkəməsinin yanaşmasının bütün rəqəmsal aktivlərə avtomatik tətbiq edilməsi və ya bütün hüquq sistemlərində eyni formada qəbul edilməsi düzgün olmazdı. Azərbaycan hüququnda rəqəmsal hesabların vərəsəliyi ayrıca tənzimlənərkən vərəsələrin hüquqları ilə üçüncü şəxslərin şəxsi həyatının toxunulmazlığı və fərdi məlumatların qorunması hüququ arasında tarazlığın necə təmin ediləcəyi müstəqil hüquqi qiymətləndirmə tələb edən əsas məsələlərdən biridir.
2.2. ABŞ-ın RUFADAA modeli: rəqəmsal aktivlərə çıxışın tənzimlənməsi
ABŞ-da rəqəmsal aktivlərin vərəsəlik və etibarlı nümayəndəlik çərçivəsində idarə olunması ilə bağlı mühüm müqayisəli hüquq nümunələrindən biri 2015-ci ildə Uniform Law Commission tərəfindən hazırlanmış Revised Uniform Fiduciary Access to Digital Assets Act (RUFADAA)-dır. Qeyd etmək lazımdır ki, bu akt özlüyündə məcburi hüquqi qüvvəyə malik deyil, yalnız ştatın qanunverici orqanı onu qəbul etdikdən sonra həmin ştatda qüvvəyə minir. Hər ştat onu dəyişikliklərlə qəbul edə bilər. Bu baxımdan RUFADAA (bundan sonra – Akt) bütün ştatlarda avtomatik tətbiq olunan federal qanun deyil, ştatlara qəbul üçün tövsiyə olunan modeldir.
Aktın bu mövzu üçün diqqətəlayiq tərəfi şəxsin sağlığında rəqəmsal aktivlərinin taleyi ilə bağlı ifadə etdiyi iradəyə üstünlük verməsidir. Bu iradə yalnız vəsiyyətnamə ilə məhdudlaşmır. Aktın 4-cü bölməsinin (a)–(c) bəndlərinə əsasən, üç pilləli ardıcıllıq müəyyən edir: ilk növbədə istifadəçinin platformanın təqdim etdiyi onlayn vasitə ilə (məsələn, hesab üzrə varis təyin etmə funksiyası) verdiyi göstəriş, sonra vəsiyyətnamə, trast (etimad əsasında əmlakın idarə edilməsi institutu), etibarnamə və ya digər yazılı sənəddəki göstəriş, bunlar olmadıqda isə platformanın xidmət şərtləri tətbiq olunur.[7] Akt həmçinin rəqəmsal aktivlərə çıxış səlahiyyəti olan miras əmlakın nümayəndələrinin və digər fidusiar şəxslərin (başqasının mənafeyi naminə etibar əsasında hərəkət edən şəxslərin) hüquq və səlahiyyətlərini müəyyənləşdirir. Bu səlahiyyət avtomatik olaraq mərhumun bütün şəxsi yazışmalarının və məzmununun sərbəst əldə edilməsi demək deyil. Aktın 7-ci bölməsinə əsasən, mərhumun elektron yazışmalarının məzmunu yalnız istifadəçinin buna razılıq verdiyi və ya məhkəmənin açıqlanmanı tələb etdiyi hallarda miras əmlakın nümayəndəsinə təqdim edilə bilər. Başqa sözlə, şəxs əvvəlcədən hesabına kimin və hansı hüdudda çıxış əldə edə biləcəyini müəyyən edə bilər.
Bu məsələdə digər problem isə vəfat etmiş şəxsin sosial media hesabından sonradan aktiv şəkildə istifadə edilməsidir. Xüsusilə peşəkar və ya ictimai fəaliyyəti ilə tanınan şəxslərin hesabları müəyyən etibar və təsir gücünə malik ola bilər. Məsələn, hüquq sahəsində fəaliyyət göstərən bir şəxsin LinkedIn və ya digər peşəkar platformadakı hesabından ölümündən sonra onun yaxınlarının həmin şəxsin adından paylaşım etməsi, həmin hesabın kim tərəfindən idarə olunduğu barədə digər istifadəçilərdə yanlış təsəvvür yarada bilər. Əgər hesabın mərhumun yaxınları tərəfindən idarə edildiyi və hesab sahibinin vəfat etdiyi açıqlanmırsa, izləyicilər paylaşımları həmin şəxsin özünə aid edə bilərlər. RUFADAA-nın 15-ci bölməsinin (b) (4) bəndində də fidusiar nümayəndənin rəqəmsal aktivləri idarə edərkən mərhumun şəxsiyyətini təqlid etməsinə yol verilməməsi nəzərdə tutulur. Bu baxımdan vərəsəyə rəqəmsal aktivin iqtisadi dəyərini idarə etmək imkanının verilməsi, ona mərhumun rəqəmsal şəxsiyyətini davam etdirmək hüququnun verilməsi demək olmamalıdır.
III FƏSİL. NƏTİCƏ VƏ TƏKLİFLƏR
Rəqəmsal texnologiyaların inkişafı ənənəvi vərəsəlik hüququnun yeni münasibətlərə uyğunlaşdırılmasını zəruri edir. Azərbaycan qanunvericiliyində rəqəmsal aktivlərin vərəslik qaydasında keçməsinin ayrıca tənzimlənməməsi sosial media hesablarının və digər rəqəmsal aktivlərin hüquqi taleyi ilə bağlı qeyri-müəyyənlik yaradır. Hesab edirəm ki, rəqəmsal hesablar bütövlükdə vahid vərəsəlik obyekti kimi qiymətləndirilməməlidir. Onların daxilindəki iqtisadi dəyərə malik aktivlər, şəxsi məlumatlar və yazışmalar fərqli hüquqi xarakter daşıyır. Buna görə də hər bir elementin vərəsəlik qabiliyyəti ayrıca müəyyən edilməlidir. Almaniya məhkəmə təcrübəsi müqavilə hüquqlarının vərəsələrə keçməsinin, RUFADAA modeli isə şəxsin əvvəlcədən ifadə etdiyi iradənin əhəmiyyətini göstərir. Bu istiqamətdə Azərbaycan qanunvericiliyində aşağıdakı dəyişikliklərin edilməsi məqsədəuyğun hesab olunur:
- Rəqəmsal aktivlərin hüquqi statusu müəyyən edilməlidir. Mülki Məcəllədə rəqəmsal aktiv anlayışı və onların mirasın tərkibinə daxil edilməsi meyarları təsbit olunmalıdır.
- Şəxsin əvvəlcədən iradə bildirmək hüququ tanınmalıdır. İstifadəçiyə ölümündən sonra hesabının silinməsi, xatirə hesabına çevrilməsi və ya müəyyən şəxslərə məhdud giriş verilməsi barədə göstəriş vermək imkanı yaradılmalıdır.
- Vərəsələrin giriş hüququnun sərhədləri müəyyənləşdirilməlidir. İqtisadi dəyərə malik aktivlərə çıxışla şəxsi yazışmaların əldə edilməsi fərqləndirilməli, üçüncü şəxslərin şəxsi həyatının toxunulmazlığı qorunmalıdır.
- Mərhumun rəqəmsal şəxsiyyətinin qorunması təmin edilməlidir. Vərəsələrin hesabı idarə etmək səlahiyyəti mərhumun adından paylaşım etmək və ya onun şəxsiyyətini təqlid etmək hüququ kimi qəbul edilməməlidir.
Nəticə etibarilə, rəqəmsal aktivlərin vərəslik qaydasında keçməsinin hüquqi tənzimlənməsində əsas məqsəd vərəsələrin qanuni maraqları ilə mərhumun şəxsi həyatının toxunulmazlığı və üçüncü şəxslərin hüquqları arasında tarazlığın yaradılması olmalıdır. Rəqəmsal hesabların vərəsəlik predmetinə daxil edilməsi onların bütün məzmununun avtomatik olaraq vərəsələrə ötürülməsi demək deyil. Əsas məsələ rəqəmsal aktivlərin hüquqi xarakterinə uyğun fərqli rejimlər əsasında tənzimlənməsi və ötürülməsi olmalıdır.
Biblioqrafiya
- Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli Plenum Qərarı, https://www.constcourt.gov.az/az/decision/292
- Meta-nın İcma Standartlarının “Memorialization” bölməsi https://transparency.meta.com Meta Platforms, Inc., Facebook Terms of Service, Section 4.5 https://www.facebook.com/legal/terms Meta Platforms, Inc., Instagram Terms of Use, Section 7.2 https://help.instagram.com
- Google, Inactive Account Manager https://support.google.com/accounts/
- Bundesgerichtshof (BGH), Urteil vom 12. Juli 2018 - III ZR 183/17 ( https://www.bundesgerichtshof.de/)
- Bürgerliches Gesetzbuch (BGB). https://www.gesetze /englisch_bgb.pdf
- (n 4), para 17-18.
- Revised Uniform Fiduciary Access to Digital Assets Act (2015), (approved and recommended for enactment by the National Conference of Commissioners on Uniform State Laws, 2015). RUFADAA.pdf
Məqalənin sonu
Oxucu müzakirəsi
Hələ şərh yoxdur. İlk şərhi siz yaza bilərsiniz.
